Keçid linkləri

2025, 30 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:40

Serbiyada etirazçılar barrikadalar qururlar


Belqradda hökumət əleyhinə etiraz
Belqradda hökumət əleyhinə etiraz

İyunun 30-u səhər saatlarında Serbiyanın bir sıra şəhərlərində minlərlə hökumət əleyhdarı etirazçı küçələrdə barrikadalar qurub. Onlar populist prezident Aleksandar Vuçiçə etiraz edən zaman polis tərəfindən saxlanılan digər etirazçıların azad edilməsini tələb edirlər.

Tələbələrin rəhbərlik etdiyi etirazçılar paytaxt Belqradın müxtəlif hissələrində metal baryerlər və zibil konteynerlərindən ibarət maneələr quraraq şəhərin Sava çayı üzərindəki əsas nəqliyyat keçidlərindən biri - Qazel körpüsünü bağlayıblar.

Xəbər agentlikləri məlumat yayıb ki, səkkiz ay əvvəl hökumət əleyhinə nümayişlərin başladığı Novi Sad şəhərində isə etirazçılar Vuçiçin hakim Serb Tərəqqi Partiyasının (SNS) ofisini mühasirəyə alaraq binaya yumurta atıblar.

Tələbə təşkilatçılar tərəfindən yaradılan vebsaytda bildirilir ki, paytaxtda 30 yerdə barrikadalar qurulub və oxşar aksiyalar Serbiyanın azı 22 şəhərində də davam edir.

İyunun 28-də hüquq-mühafizə orqanlarının Belqradda keçirilən kütləvi aksiya iştirakçılarını saxlamağa başlamasından sonra tələbələrin başçılıq etdiyi etirazlar güclənib.

Prezident Vuçiç isə bəyan edib ki, hüquq-mühafizə orqanları "daha çox həbslər" etmək niyyətindədir.

Hökumət əleyhdarları iyunun 29-u axşam saatlarında küçələrə qayıdıb, ilk gecə saxlanılan onlarla insanın azadlığa buraxılmasını tələb ediblər.

"Onlar saxlanılanları azad etməlidir. Hökumətin gənclərə münasibəti çox çirkindir. Biz tələbələrin tələb etdiyi kimi azad ölkədə yaşamaq istəyirik", - Qordana Atalyants AzadlıqRadiosuna deyib.

Belqradın küçələri etirazçı tələbələrlə dolub
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

"Biz qurumlara müraciət edirik ki, öz işlərini görsünlər. Zorakılığa görə həqiqətən məsuliyyət daşıyanları həbs etsinlər. Dünən gecə onlar insanları döyürdülər, kim gəlirdisə, tutdular", - Milan Antoniyeviç AzadlıqRadiosuna bildirib.

Belqradda hüquq fakültəsinin tələbəsi olan Sanya AzadlıqRadiosuna deyib ki, o, etiraz aksiyasına "hüquqi, nizamlı" dövlət uğrunda mübarizəni davam etdirmək üçün gəlib.

Ölkənin daxili işlər naziri İvitsa Daçiç polisin 77 nəfəri saxladığını, ən azı 38 nəfərin isə iyunun 29-na kimi hələ də həbsdə olduğunu açıqlayıb.

Serblər niyə etiraz edir

Son səkkiz ayda tez-tez tələbə qruplarının rəhbərlik etdiyi, lakin getdikcə başqalarının da qoşulduğu minlərlə serb prezident Vuçiç və onun hökumətinə etiraz olaraq küçələrə çıxıb.

Ötən il noyabrın 1-də 16 nəfərin ölümü ilə nəticələnən Novi Sad Dəmiryol Vağzalının damının çökməsi ölkədə etiraz hərəkatına səbəb olub. Etirazçılar faciənin məmur korrupsiyası və səriştəsizliyindən qaynaqlandığını bəyan edir. Bu nümayişlər tez bir zamanda 5 illik səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq prezident Vuçiçə qarşı ümumi hiddətə çevrilib.

A.Vuçiç 2017-ci ildən prezidentdir və bundan əvvəl isə o, üç il baş nazir olub.

Serbiyada parlament seçkiləri də gələn ilin sonuna təyin edilib.

Vuçiç və hökuməti korrupsiya ittihamlarını rədd edib və bildirib ki, o, ölümcül Novi Sad hadisəsini araşdırır. Təhqiqatlar zamanı onlarla məmur həbs edilib.

Hökumət tərəfdarlarından ibarət kiçik qruplar da həftəsonu Belqrad küçələrinə çıxıb.

Ənənəvi müttəfiqi Rusiya və Qərblə əlaqələrini balanslaşdırmağa çalışan Vuçiç son etirazların arxasında adı açıqlanmayan xarici gücləri ittiham edib.

"Ölkə müdafiə olunacaq və quldurlar ədalətlə üzləşəcəklər", - o, etirazların ilk gecəsindən sonra jurnalistlərə açıqlamasında deyib.

XS
SM
MD
LG