Demokratik geriləməyə görə Aİ Gürcüstana viza güzəştlərini ləğv edə bilər

Tbilisidə müxalifətin mitinqi zamanı əlində Aİ və Gürcüstan bayraqları tutan qadın küçəni bağlayan polisin qarşısında dayanıb.

Ölkədə aylardır davam edən gərginlikdən sonra Gürcüstan yenidən Avropa İttifaqının (Aİ) gündəmində ön sıralara gəlir. Buna səbəb isə ölkədə müxalifət nümayəndələrinin kütləvi həbsi, "xarici agentlərin qeydiyyatı haqqında" qanun kimi yeni məhdudlaşdırıcı qanunlar və yayım qaydalarına edilən dəyişikliklərdir.

Ötən il yekdillik olmadığı üçün Aİ Gürcüstandakı "Gürcü arzusu" hökumətinə qarşı aydın strategiya formalaşdıra bilməyib.

Bu ilin əvvəlində Brüssel Gürcüstanın diplomatik pasportlarına sahib olanlara viza tələbləri tətbiq edib, yüksəksəviyyəli görüşlər keçirməkdən çəkinib, eyni zamanda Gürcüstan hökumətinə ayrılan maliyyənin bir hissəsini geri çəkərək vətəndaş cəmiyyətinə yönəltməyə çalışıb.

Lakin 2025-ci ilin əvvəlində xüsusilə Macarıstan və Slovakiya Aİ-nin "Gürcü arzusu"nun liderlərinə qarşı sanksiyalarını bloklayıb.

İndi hər şey fərqli ola bilərmi? Aİ-nin xarici işlər nazirləri iyunun 23-də Brüsseldə toplaşarkən Gürcüstandakı vəziyyəti qısa şəkildə müzakirə edib və bir aylıq Brüssel tətili ərəfəsində, iyulun 15-də görüşəcəkləri zaman bu məsələyə yenidən qayıtmaq barədə razılığa gəliblər.

Vəziyyət 'kəskin şəkildə pisləşməyə' davam edir

İyun iclasındakı müzakirənin səbəbi isə Gürcüstanın hazırkı rəhbərliyi ilə bağlı Aİ-də daha sərt səslərdən biri olan Litva hökumətinin hazırladığı birsəhifəlik sənəd idi.

AzadlıqRadiosu tərəfindən görülən sənəddə Gürcüstandakı vəziyyət "kəskin şəkildə" pisləşməyə davam etdikcə, Aİ-nin bu ölkə ilə bağlı həyata keçirə biləcəyi bir neçə tədbir yer alıb.

Müzakirə kifayət qədər qısa olub və görüşün sonunda baş tutsa da, bir neçə üzv dövlət fikirlərini açıqlayıb və Brüsselin bu istiqamətdə addımlar atması barədə razılaşıblar.

AzadlıqRadiosuna anonimlik şərti ilə danışan Aİ diplomatı deyib ki, Macarıstan blokun Tbilisi ilə daha sıx əməkdaşlıq qurması gərəkdiyini müdafiə edir. Avstriya isə Cənubi Qafqaz respublikasındakı vəziyyəti tənqid etsə də, xəbərdarlıq edib ki, Aİ Gürcüstanı Rusiyanın təsir dairəsinə itələməməlidir.

Bəs Litva nə təklif edir? Sənəddəki altı bənddən biri, təbii ki, "Gürcü arzusu" partiyasının rəhbərliyinə qarşı fərdi sanksiyaların tətbiqidir. Ancaq, yəqin ki, bu, Budapeştin etirazlarına görə həyata keçirilməyəcək, lakin Aİ-nin baş diplomatı Kaya Kallas görüşdən sonra mediaya açıqlamasında başqa bir maraqlı sanksiya ideyasını gündəmə gətirib: müxalifət və vətəndaş cəmiyyəti üzvlərinə hökm çıxaran hakimlərin hədəfə alınması.

Bu məsələdə yekdilliyin əldə olunması çətin olsa da, qeyd etmək lazımdır ki, bir neçə il əvvəl Rusiya və Belarusa qarşı Aİ sanksiyaları daha çox tanınmış siyasi fiqurlar deyil, hakimlər kimi aşağıprofilli şəxslərə qarşı aktivlərin dondurulması və viza qadağaları ilə başlamışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxalifət liderlərinin ard-arda həbsləri: Gürcüstanda nə baş verir?

Sənəddəki digər təkliflər "genişmiqyaslı infrastruktur layihələri" də daxil olmaqla Tbilisi üçün Aİ-nin ayırdığı bütün maliyyə yardımının dayandırılmasına işarə edir. Ancaq belə investisiyaları dayandırmaq da çətindir, xüsusilə də ona görə ki, layihələr artıq həyata keçirilə bilər və regiondakı digər ölkələr də bu prosesə cəlb oluna bilər.

Brüssel, həmçinin müstəqil jurnalistlərə, vətəndaş cəmiyyəti qruplarına, vəzifəsindən uzaqlaşdırılmış gürcü diplomatlarına və dövlət qulluqçularına daha çox maliyyə yönəltmə imkanlarını araşdırır. Lakin reallıq ondan ibarətdir ki, son aylarda USAID fəaliyyətlərini azaltdıqdan sonra Aİ dünyada bir çox təşkilatlara və ölkələrə yardım etməyə çalışır.

Cari büdcənin 2027-ci ildə başa çatması ilə əlaqədar blok yeni uzunmüddətli büdcə üzrə bu yay müzakirələrə başlayacaq. Lakin hazırda çox böyük əlavə vəsait mövcud deyil.

Diqqət edilməsi gərəkən məqamlar

Müzakirə sənədində əhatə olunan ən maraqlı iki mövzu, bəlkə də, viza liberallaşmasının və Aİ-Gürcüstan Assosiasiya Sazişinin dayandırılması təklifidir. Bunların heç biri asan olmayacaq, lakin burada diqqət yetiriləsi bir neçə məqam var.

Bütün Gürcüstan vətəndaşları üçün viza liberallaşmasının ləğvi çox az adamın istədiyi bir addımdır, çünki bu, birbaşa geniş əhalini hədəfə alır. Lakin sənəddə xüsusilə fundamental hüquqlarla bağlı çatışmazlıqları aradan qaldırmaq üçün Tbilisiyə konkret son tarixin verilməsi ideyası irəli sürülüb. Bu da Avropa Komissiyasının 2024-cü ildə üçüncü ölkələrə dair viza siyasəti haqqında hesabatında vurğulanıb.

Bəzi kateqoriyalara aid səyahətçilər üçün vizasız səfər rejiminin dayandırılması mümkün ola bilər, xüsusilə də ona görə ki, bu qərarın qəbulu yalnız ixtisaslı səs çoxluğu (üzv ölkələrin 55 faizi və ümumi Aİ əhalisinin 65 faizini təmsil edən dövlətlər) ilə həyata keçirilir. Aİ özü də viza rejiminin dayandırılmasını asanlaşdıran qaydalar qəbul edib.

Digər məsələ isə 2016-cı ildən qüvvədə olan Aİ-Gürcüstan Assosiasiya Sazişi ilə bağlıdır. Bu saziş Brüssel və Tbilisi arasında siyasi və ticarət əlaqələrini tənzimləyir və ümumi assosiasiya sazişinin bir hissəsi olan Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA) vasitəsilə həyata keçirilir.

Litvanın təklif etdiyi sənəddə Avropa Komissiyasına tövsiyə olunur ki, Gürcüstanın xüsusilə insan hüquqlarına hörmət kimi fundamental prinsipləri əhatə edən 2-ci maddəni pozub-pozmadığını araşdırsın.

Yaxın vaxtlarda oxşar bir araşdırma Aİ-İsrail assosiasiya sazişi üzrə aparılıb və Brüssel bir neçə pozuntu aşkar edib. Aİ-nin xarici siyasətində formalaşmaqda olan bu yeni meyli nəzərə alaraq, bəzi üzv dövlətlərin artıq iyulda Gürcüstanla bağlı belə bir araşdırma tələb etməsi təəccüblü olmaya bilər.

Assosiasiya sazişinin tamamilə dayandırılması üçün yekdillik tələb olunur, lakin bəzi sahələrin dayandırılması daha asan ola bilər. Məsələn, sazişin ticarət hissəsini dondurmaq üçün yalnız ixtisaslı səs çoxluğu kifayətdir.

Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.