Azərbaycan xəbərləri
Dövlət Bayrağı Günü

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Üçrəngli bayraq dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli, ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
2009-cu ildə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan olunub. Bu gün həmçinin qeyri-iş günüdür.
Bütün xəbərləri izləyin
Hacı Vəliyevdən xəbər var

Bu gün, iyunun 30-da vəkil Aqil Layıc istintaq təcridxanasında "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevlə görüşüb.
Vəkil bildirib ki, H.Vəliyev iyunun 23-də müəssisə rəisinin onu qəbul etdiyini, sonra ona nəsə sənədə imza atdırmaq istədiyini deyib. H.Vəliyevin əlavə etməsinə görə, mətn ilə tanış olanda bəlli olub ki, guya daxili intizam qaydalarını pozub və bunu könüllü etiraf edir.
A.Layıc bildirib ki, H.Vəliyev sənədi imzalamaqdan imtina edib: "Dərhal onu "karser"ə salıblar. 23-27 iyun tarixlərində karserdə saxlanılıb. Tural adlı gizir ona fiziki və mənəvi şiddət göstərib. Hacının başında iki dənə sıyrıq izi var. Özü qeyd etdi ki, Tural adlı gizir ona fiziki güc göstərərkən kafelə dəyərək əmələ gəlib. Hacı aclıq aksiyasının nəticəsi olaraq xeyli zəifləmişdi, demək olar ki, yeriyə bilmirdi".
H.Vəliyevin iyunun 21-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi deyilir.
Müdafiə tərəfindən məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət olunduğu bildirilir.
Bütün bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı deyilir
"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir.
Yaxınlarının bununla bağlı iyunun 27-də yaydığı məlumata görə, o, ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bildirildiyinə görə, baş nahiyəsindən xəsarət aldığını qeyd edən Hacı Vəliyev telefonda danışmaqda çətinlik çəkirmiş.
Yaxınları H.Vəliyevin taleyindən narahatdır.
Bu iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
O, bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.
Ülvi Həsənli aclıq aksiyası keçirdiyini deyib

"AbzasMedia"nın direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə o, iyunun 30-da yaxınları ilə telefon danışığında məlumat verib.
Yaxınlarının sözlərinə görə, Həsənli bildirib ki, beş gündür aclıq aksiyası edir.
"Ülvinin səsi çox pis gəlirdi. Dedi ki, beş gündür aclıq edir. Ona heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib", - Ü.Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib.
Jurnalistin xanımı əlavə edib ki, Ülviyə balaca körpələrinin olmasına baxmayaraq, ailəsiylə görüşə icazə verilməyəcəyi bildirilib, səbəb kimi də rəsmi nikahlarının olmaması göstərilib.
R.Quliyevanın dediyinə görə, Həsənliyə həbsxanaya köçürüləndən heç bir şəxsi əşyası verilməyib, beş gündür geyimini belə dəyişməyib.
Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
Bundan öncə isə jurnalistin ailəsi ondan beş gündür xəbər alınmadığını açıqlamışdı. Bildirilirdi ki, Həsənli iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata görə, Ü.Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda, aclıq aksiyasına başlayacağını bildirib. Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (karser) salınmasından narahatdır.
Yaxınları hesab edirlər ki, həmin iş üzrə həbs olunan jurnalistlərin hökmləri qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürülməsi qanunsuzdur.
"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki 7 jurnalistə iyunun 20-də hökm oxunub. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.
"AbzasMedia" işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
DİN 'Sputnik Azərbaycan'la bağlı araşdırmaya başlayıb

Daxili İşlər Nazirliyində (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) araşdırmalara başlanıb. Belə ki filialın 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair əməliyyat məlumatı daxil olub. Bu barədə DİN-in Mətbuat Xidməti bildirib.
"İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlananlar var", - məlumatda deyilir.
Hələlik, DİN-in bu məlumatına "Rossiya Seqodnya" və Rusiyanin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Bir müddət əvvəl "Rossiya Seqodnya"nın (Sputnik-Azərbaycan) nümayəndəliyi ləğv edilib. Yerli saytlarda yer alan məlumatlara görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Son illər Qərb ölkələrinin ayrı-ayrı kütləvi informasiya vasitələrinin Azərbaycandakı nümayəndəlikləri ard-arda bağlanıb. Bu, ölkə qanunvericiliyinin tələbləri ilə izah edilib. Amma Rusiyanin media orqanlarına fərqli münasibət bəslənilib. Müstəqil ekspertlər hesab edirdilər ki, bu, ikili standartdır və Azərbaycanın Rusiya ilə "müttəfiqlik" əlaqələrindən irəli gəlir.
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, reyd zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, baş verənlərlə əlaqədar ona "kəskin etiraz" bildirilib. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Rusiya XİN bildirir ki, reyd ağır cinayətlərin istintaqı çərçivəsində aparılıb, vəziyyət nəzarətdədir. Qurumun sözçüsü Mariya Zaxarova deyib ki, söhbət 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdən gedir.
Vəkili Anar Məmmədli haqqında cinayət işinə xitam verilməsini istəyir, amma məhkəmə…

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri, bir ildən çoxdur həbsdə olan Anar Məmmədlinin vəkili onun haqqında cinayət işinə xitam verilməsini istəyir. Vəkil Elçin Sadıqov bu barədə vəsatəti iyunun 30-da A.Məmmədlinin işi üzrə məhkəmənin hazırlıq iclasında təqdim edib.
A.Məmmədlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, ictimai fəal Anar Abdulla ilə birlikdə mühakimə edilir.
Vəkil bildirib ki, cinayət işi əsassızdır, heç bir mötəbər sübut yoxdur və s.
Ancaq Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakimin fikrincə, cinayət işinə xitam verilməsinə əsas yoxdur.
A.Məmmədli və A.Abdullanın işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 7-nə təyin olunub.
Xatırlatma
A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Məmmədlinin işi üzrə istintaqın sonunda A.Abdulla da təqsirləndirilən şəxs kimi cəlb edilib və haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
A.Məmmədli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.
SMDT rəhbəri daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.
A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. SMDT rəhbəri 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı
Daha bir xatırlatma
Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.
Bakıda gəncin yerin çökməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

Bakıda 28 yaşlı şəxsin kanalizasiya sularının axdığı kanala düşərək həlak olması ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.
Qurum iyunun 30-da bildirib ki, dörd gün əvvəl, saat 20:30-da 1997-ci il təvəllüdlü... Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Rəsmi açıqlamada həmin şəxsin meyitinin bir gün sonra tapıldığı vurğulanır: "Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb".
Hələlik, məsələyə Dövlət Su Ehtiyatları Agentliyi və həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Həmin maddədə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Rəsmi - Polis Ağdamda minaya düşüb

İyunun 30-da Ağdam rayon Polis Şöbəsinin əməkdaşının bu rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət aldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
"Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib. Faktla bağlı araşdırma aparılır", - məlumatda vurğulanır.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70 civarında vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Rusiyanın vasitəçiliyi ilə həmin il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində isə Bakı bütün ölkə ərazisində suverenliyi bərpa etdiyini açıqladı. Rəsmi Bakı bunu "antiterror tədbiri", Yerevan isə "etnik təmizləmə" adlandırdı. Ondan sonra bölgədən erməni əhali Ermənistana köç etdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Avropa Parlamentinin üzvləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyirlər

Avropa Parlamentində Azərbaycanda jurnalistlərə, fəallara qarşı siyasi motivli məhkəmələr çərçivəsində çıxarılan qərarları pisləyən birgə bəyanat qəbul olunub. Parlamentin İnsan Hüquqları Alt komitəsinin sədri, deputat Munir Saturi, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, deputat Nils Uşakovs və Azərbaycan üzrə daimi məruzəçi, deputat Dan Barna Azərbaycanda siyasi motivli işlər üzrə jurnalistlərə, tədqiqatçılara və vətəndaş cəmiyyəti fəallarına qarşı sərt həbs cəzalarının verilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
"Son günlər Azərbaycanda siyasi motivli işlərdə jurnalistlərə, tədqiqatçılara və fəallara verilən son dərəcə ağır həbs cəzaları bizi dəhşətə gətirir. Onların heç biri - eləcə də ölkədəki digər siyasi məhbuslar, - ümumiyyətlə, təqib olunmamalı idi. Lakin bu qeyri-adi dərəcədə ağır cəzalar hakimiyyət tənqidçilərinə qarşı Azərbaycanda davam edən repressiyanın daha da gücləndiyini göstərir", - bəyanatda deyilir.
Avropalı parlamentarilər "AbzasMedia"nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, fəal Məhəmməd Kekalov, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, talış tarixçi və etnoqraf İqbal Əbilov, müxalif fəal Tofiq Yaqublu, siyasi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə hökmlərini xatırladıblar.
Birgə bəyanatda Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə dair çağırış edilir: "Biz (Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə) ali nümayəndəni, (Avropa Komissiyasının) vitse-prezidenti və Avropa Xarici Fəaliyyət Xidmətini mövcud yolda rejimi cəsarətləndirəcək hər hansı addımdan qaçınmağa çağırırıq. Xatırladırıq ki, Parlament dəfələrlə Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişi üçün bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşdırılması şərtlərinin qoyulmasını tələb edib".
'Azərbaycanfilm' kinostudiyasında yanğın olub
İyunun 26-da Bakıda "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) vurğulayır ki, onlara Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub: "Yanğın qısa müddətdə söndürülüb".
İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur.
Hələlik, hadisənin səbəbi açıqlanmır.
"Pirotexniki maddələr yığılan tikilidə partlayış..."
Yanğının kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yarandığı bildirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 27-də məlumat yayıb.
Məlumatda əlavə edilib ki, partlayış nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb: "Taxta qutularda yığılan digər pirotexniki vasitələr, üç ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Hələlik, məsələyə "Azərbaycanfilm"in rəhbərliyindən münasibət bildirilməyib.
+++
Baş Prokurorluq bildirib ki, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb: "Kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib... Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır".
Maddələr bilindi
Baş Prokurorluq daha sonra, iyunun 30-da bildirib ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi... digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
Hələlik, buna "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Həmin maddələr üzrə şəxslərə 5 ilə qədər həbs cəzası verilə bilər.
+++
"Azərbaycanfilm" kinostudiyasında bundan öncə də bir neçə dəfə yanğın olub. Sonuncu yanğın 2022-ci ilin mayın 20-də baş vermişdi. Onda hadisə zamanı 15-16 kvadratmetr ərazinin yandığı bildirilmişdi.
Son dönəmlər bu qurumun bir çox studiyalarının bağlandığı deyilir. Bu vəziyyət isə bu sahəyə hökumətin yetərli diqqət ayırmaması ilə izah edilir. Hərçənd rəsmilər çıxışlarında, bir qayda olaraq, Azərbaycanda dövlətin kinoya böyük qayğısından bəhs edirlər.
AXCP: Gənc üzvümüzə 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin fəallarından Aqşin Abdullayevin (Oğuz) Binəqədi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə AXCP-dən məlumat veriblər. Partiya onun tənqidlərinə görə şərləndiyini hesab etsə də, detallar açıqlanmayıb.
Dünən, iyunun 24-də A.Abdullayev Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə çağırılmışdı. Onun çağırış üzrə bölməyə getdiyi, amma sonra Xalq Cəbhəsi üzvündən məlumat almağın mümkün olmadığı bildirilmişdi.
AXCP-nin bu açıqlamasını, hələlik, Daxili İşlər Nazirliyi, Binəqədi rayon Məhkəməsi və başqa aidiyyəti rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.
Vaxtı keçmiş kreditlər ilin əvvəlindən 13 faiz artıb
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği son bir ayla müqayisədə 1.1 faiz artaraq 508.3 milyon manata yüksəlib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, iyunun 25-də məlumat yayıb.
Ölkədə vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 13, son bir ildə isə 9 faiz artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə dəyişməyərək 1.7 faiz təşkil edib.
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən bu kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyasi ilə izah edilirdi. 2022-ci ildə isə yenidən problemli kreditlərin azaldığı vurğulanırdı.
Bir sıra müstəqil iqtisadçılar yenidən vaxtı keçmiş kreditlərin artmasını əhalinin sosial problemlərinin artması ilə izah edirlər. Hökumət rəsmiləri isə, hələlik, bu məsələni şərh etməyiblər.
Jurnalist sağlamlıq problemlərindən və qeyri-insani rəftardan şikayət edir

"ToplumTV işi" çərçivəsində həbs edilən jurnalist Fərid İsmayılovun səhhətindəki problemlər və qeyri-insani rəftardan şikayət etdiyi bildirilir. Bu barədə onun yaxınları məlumat verib. Vurğulanıb ki, F.İsmayılovun qan şəkərində problem var, bu da ona həm təcridxanada, həm də məhkəməyə gətirilib-aparılanda problemlər yaradır: "Hətta sistemlə köçürülməsi üçün qida əlavələri, dərmanlar alıb göndərmişik".
Yaxınların iddiasına görə, Bakı İstintaq Təcridxanasında F.İsmayilova lazımi qaydada sistem köçürülmür. Onların sözlərinə görə, iyunun 23-də F.İsmayılov məhkəmədə (bu iş üzrə məhkəmə prosesi davam edir) bildirib ki, o, həm də miqrendən əziyyət çəkir.
Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmi qurumlar, bir qayda olaraq, vurğulayır ki, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərlə qanun çərçivəsində davaranılır.
2024-cü il martın 6-da polis Bakıda "ToplumTV" onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib. Ümumilikdə "ToplumTV işi" üzrə 10-a yaxın şəxs həbs edilib. Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.
"ToplumTV" bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətləri ilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.
Xatırlama
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Ötən həftə onlardan "AbzasMedia işi" üzrə günahlandırılan yeddi jurnalistə 9 ildən 7 il 6 aya qədər həbs cəzası verilib. Onların arasında AzadlıqRadiosunun 9 il həbs cəzası alan jurnalisti Fərid Mehralızadə də var.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Azərbaycanda karantin oktyabra qədər uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 1-i saat 06:00-dək uzadılıb", - qərarda yazılıb.
Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-i saat 6:00-a qədər uzadılmışdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-dən koronovirus pandemiyasının başa çatdığını açıqlayıb. Bir sıra müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Ölkə başçısı isə Nazirlər Kabinetinin açıqlamasına baxmayaraq, son illər sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozub.
Amma son həftələr İran və İsrail arasında silahlı toqquşmalarla bağlı İrandan Azərbaycana icazəli şəkildə keçidə (xüsusilə xarici vətəndaşlar üçün) şərait yaradılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.
Əhməd Məmmədlinin səhhətindən narahatlıq var

Həbsdə olan ictimai fəal və "Yoldaş Media"nın təsisçisi Əhməd Məmmədlinin səhhəti ilə bağlı narahatlıq var.
Bu barədə iyunun 22-də Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, fəalı təcridxanada müayinə edən həkim onun gözünün görmək qabiliyyətini itirmək riski ilə üzləşdiyini bildirib. Vurğulandığına görə, həkim əlavə edib ki, vəziyyətin daha da pisləşməməsi üçün Məmmədlinin immuniteti güclü qalmalıdır: "Bu məqsədlə o, hazırda yüksəkkalorili yeməklərlə qidalanır və vitaminlər qəbul edir".
Komitə həm də bildirir ki, Məmmədli mayın 6-da saxlanılan zaman işgəncəyə məruz qalıb və aldığı ağır zərbələr nəticəsində onun gözündə ciddi zədə yaranıb: "Artıq bir ay keçməsinə baxmayaraq, həmin göz hələ də bulanıq görür. Həmçinin, işgəncə nəticəsində immuniteti çox zəifləyib".
Komitə xatırladır ki, bir neçə il öncə Məmmədli gözlərindən iki dəfə əməliyyat keçirib və o, genetik astma xəstəliyindən əziyyət çəkir.
Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Amma, bir qayda olaraq, DİN saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları qəti olaraq yalanlayır.
Xatırlatma
Ə.Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırmışdı.
Musa Şəkiliyev Qax icra başçılığından çıxarıldı

Musa Şəkiliyev Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İyunun 21-də prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
İyunun 21-i günün ikinci yarısında isə M.Şəkiliyev barəsində Səbail rayon Məhkəməsi həbs qərarı verilib. Məhkəmə istintaq orqanının vəsatətini əsaslı sayaraq Şəkiliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Qaxın icra başçısı saxlanıb
İyunun 20-də Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi bildirilir.
Azərbaycanın yerli saytlarının məlumatına görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.
İlkin məlumatda rayon icra başçısı Musa Şəkiliyev və müavinlərinin saxlandığı iddia edilir. Vurğulandığına görə, onlarla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər əməllər üzrə araşdırmalar gedir.
Hələlik, bu məlumata DTX-dən, Qax rayon İcra Hakimiyyəti və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.
Xatırlatma
Bundan əvvəlki illərdə Azərbaycanda bir çox icra başçıları ardıcıl şəkildə həbs ediliblər. Ölkədə icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə və başqa ittihamlarla müxtəlif müddətə həbs cəzası alıblar. Məhkəmə prosesində bəziləri ittihamları qismən qəbul etsə də, çoxu onları, əsasən, yalanlayıblar.
Onlardan Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev hökmdən (9 il) az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də ölüb. Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov isə (7 il 3 ay) 2023-cü ilin dekabrında – vaxtından əvvəl şərti azadlığa buraxılandan beş ay sonra vəfat edib.
Bəzi çimərliklərdə bakterioloji çirklənmə aşkarlanıb
Azərbaycanın çimərliklərində monitorinq aparılıb, onların bəzilərində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Bu barədə iyunun 19-da Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yay mövsümünə hazırlıq çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, habelə Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə monitorinqlər aparıb: "Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur".
Azərbaycanda iyunun 15-dən çimərlik mövsümü başlayıb.
Ölkədə hər il yay mövsümü ərəfəsində belə monitorinqlər aparılır. Bir sıra ekoloqların fikrincə, çimərliklərdə problemlərin aradan qaldırılması üçün hökumət səviyyəsində bir elə də səmərəli addımlar atılmır.