Keçid linkləri

2025, 01 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Rüfət Səfərov: 'Adamı neçə dəfə həbs edərlər?!'


Rüfət Səfərov
Rüfət Səfərov

"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru, 7 aydır həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəməsi başlanıb. İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsindəki hazırlıq iclasında vəkili Elçin Sadıqov hökm çıxarılanadək onun ev dustaqlığına buraxılması haqda vəsatət verib. Vəkil deyir ki, R.Səfərovun həbsdə saxlanmasına əsas yoxdur.

Hüquq müdafiəçisinin özü də şərlənib həbs edildiyini vurğulayıb. R.Səfərov yada salıb ki, hələ 23 yaşında "Aqrolizinq" ASC Müşahidə Şurasının üzvü, ardından Kənd Təsərrüfatı Nazirliyində baş məsləhətçi, daha sonra prokurorluqda müstəntiq olub, öz ərizəsiylə istefa verib: "Mən vəzifəni əlimin arxası ilə geri çevirmişəm, repressiv rejimin bir parçası olmaq istəməmişəm. İnsan haqlarının müdafiəsi üçün çalışmışam. Siz hakimlərin azad ola bilməsindən ötrü mübarizə aparmışam. İndi mənim tamah məqsədilə dələduzluq etdiyimi demək gülüncdür".

"'Qırmızı Xaç'ın nümayəndəsi görəndə ağladı"

O, 2015-ci ildə prokurorluqdan istefa verəndən sonra repressiyalarla üzləşdiyini də söyləyib. Dəfələrlə həbs olunduğunu, işgəncəyə məruz qaldığını deyən hüquq müdafiəçisi yada salıb ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları da buna şahiddir: "Adamı neçə dəfə həbs edərlər?! Keçən dəfə həbsimdə məni elə döymüşdülər, "Qırmızı Xaç"ın nümayəndəsi görəndə ağladı. Nə var ki bu ölkədə insanlara insan kimi dəyər verilməsini istəyirəm…".

R.Səfərovun ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib. Hüquq müdafiəçisinin işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 14-nə təyin olunub.

Xatırlatma

R.Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham verilib. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, R.Səfərov torpaq satmaq adıyla Natiq İmamverdiyev adlı şəxsi aldadıb. Həmin şəxs ondan pulunu tələb edəndə isə onu vurub.

Hüquq müdafiəçisi bunun şər-böhtan olduğunu, N.İmamverdiyevi heç görmədiyini, həbsi üçün ondan istifadə edildiyini deyir.

R.Səfərovun fikrincə, onu ABŞ Dövlət Departamenti tərəfindən 2024-cü ildə layiq görüldüyü "İlin hüquq müdafiəçisi" mükafatına görə cəzalandırırlar.

Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.

XS
SM
MD
LG